İnsan həyatda qalmaq üçün ümidə möhtacdır. Ümid isə inamla sıx bağlıdır; bir şeyin baş verəcəyinə inanmasaq, ona ümid etmərik. Ümid ediriksə, deməli, yaşamaq üçün inana biləcəyimiz şeylər axtarırıq. Bəzən bu axtarışı bizim əvəzimizə ailəmiz həyata keçirir. Ailələrimizin çoxu bunu bizim üçün xüsusi olaraq etmir, sadəcə özləri üçün tapdıqlarını bizimlə bölüşürlər. Bu yazıda inanclarımızdan, onların necə və niyə yarandığından danışacağam.

İnsanın ömrü hər şeyi özü təcrübədən keçirərək kəşf etməyə yetməz. Ailə və ya icma şəklində doğulmaq bizə bir çox şeyi uzun-uzun axtarışlar aparmadan öyrənməyə kömək edir. Məsələn, yemək və tualet vərdişlərindən tutmuş günün saatlarının tənzimlənməsinə qədər. Başqa sözlə, insan hazır sistemin hökm sürdüyü bir mühitdə doğulur və özü də bilmədən buna uyğunlaşır. Tamamilə uyğunlaşmaq və sistemin tələblərindən kənara çıxmamaq, böyümək və yaxşı tərbiyə almaq kimi qəbul edilir.