Bizim binada Təranə xala var, yaşlıdı, amma elə bir müşahidə qabiliyyəti var ki, FBI yanında uşaq işi görür. Kim saat neçədə gəldi, kimlə gəldi, kim nə geyindi — hamısı onun “arxivində” var.

Bir dəfə gecə saat 11-də dostumla binanın qabağında söhbət edirdik, pəncərədən səs gəldi: “Ay bala, bu saatda söhbət eləmək olmaz, qonşular yatır!” Biz də dedik: “Təranə xala, siz yatmırsız axı.” Cavab verdi: “Mən yatmıram ki, siz yatın!”

Adam həm gülməli, həm də bir az qorxuludu. Amma bir şey var — binada bir şey olsa, ilk köməyə gələn də odur. Bir dəfə lift sıradan çıxdı, hamı narazı, Təranə xala əlində açar-alətlə gəldi: “Usta gələnə qədər mən baxım.”

Qonşuluq belədi də. Bəzən bezdirir, bəzən güldürür, amma onsuz da olmur.