19-cu əsrin məşhur filosoflarından Karl Marks, günümüzdəki iqtisadi-sosial mədəniyyətin elementlərinə işıq tuta biləcək səviyyədə bir düşüncəyə sahib idi. Marksın irəli sürdüyü anlayışlardan biri “əmtəə fetişizmi” (commodity fetishism) anlayışıdır. Yəni insan əməyilə əldə edilmiş bir məhsul (product) sanki insan əməyindən keçmədən, sehrbazın şlyapasından dovşan çıxarması kimi meydana gəlmiş kimi qəbul edilir. Bu isə sosial-iqtisadi mədəniyyətdə insan münasibətlərinin yoxluğu fenomenini ortaya çıxarır.

Günümüzdə isə əmtəə fetişizmindən ən çox pay alan kapital məhsullardan biri də, əlbəttə, mobil telefonlardır.

Mənə elə gəlir ki, insanlarda telefon fetişizmi sanki cəmiyyətə sosial statusunun çəkisi olduğuna inandırma meylini daşıyır. Bu səbəbdən də insanlar başqaları tərəfindən "məqbul və məntiqli insan" kimi qəbul olunmaq üçün telefonunu bir hörmət obyekti kimi istifadə edirlər. Məsələn, Türkiyədə minimum maaşdan bir qədər artıq qazanan insanlarda belə Apple şirkətinin istehsal etdiyi ən son model iPhone telefonlar var. Yəni müasir kapitalizm, istehlakçını doymaq bilməyən və davamlı olaraq yenisi çıxarılan istehlak obyektinə asılı hala salır.

Müasir qlobal kapitalizm ucuz işçi qüvvəsinin mövcud olduğu üçüncü dünya ölkələrində əməyin subyekti olan kütlələrə daima yeni məhsullar istehsal etdirdikcə, onları daha çox qazanc məqsədinin obyektlərinə çevirmək və istehlak obyektlərinə asılı salmaq üçün bitib-tükənməyən bir həvəs və doyumsuzluq paradiqması qurur. Bunun üçün də daha yenisinin də yenisini – üst modelləri istehsal edir.

Ucuz işçi qüvvəsini uzun iş saatları ilə satan və həyatlarından böyük zaman dilimlərini qurban verən işçilər, bütün istehsal edilənlərdən yalnız bir məhsulu ala bilmək üçün öz əməyini satan üçüncü dünyanın məhbusları olaraq, istehsal etdiklərindən çox azını əldə edə bilirlər. Bazara çıxarılan hər yeni məhsul, bütün istehsal subyektinə bir məmnuniyyət obyekti imkanı təqdim edir ki, bu da “istehlak etmək üçün istehsal etmək, istehsal etmək üçün bütün vaxtını istehlaka sərf etmək” məntiqini ortaya çıxarır.

Lakin insani yaşam şəraitlərinin, insani iş şərtlərinin və sosial xidmətlərin olmadığı, ictimai şüurdan uzaq ölkələrdə status sadəcə hörmət vasitəsi kimi irəli sürülür. Çünki belə cəmiyyətlərdə işləmək yeganə insani dəyər hesab olunur. Bu ictimai təfəkkürə görə oturub düşünməyin, günlərlə kitab oxumağın, istirahət etməyin və təfəkkür həyatının yeri yoxdur. Nəticədə düşüncə dərinliyi olmayan fərdlərin yaratdığı ictimai boşalma vəziyyəti, mədəniyyətdən kütlələşməyə, kütlələşmədən isə sosioloji buxarlaşmaya doğru addımlayaraq yalnız sosial status göstəricisi olaraq əmtəənin meydana gətirdiyi istehlak obyektinə dəyər verməyə başlayır və telefon fetişizmi də bunun ən gözəl nümunələrindən biridir.

Məsələn, bir marka həvəsi belə bir əmtəə üzərində “etiket fetişizmi”ni meydana gətirir. Sadəcə həmin markanın nominal dəyəri olduğuna görə bəzi insanlar öz əməyinin qarşılığı olan böyük miqdarda pulu buna xərcləyirlər.