Dostlarımız inciməsin, amma nə var Aztv-də, Mədəniyyət TV-də veriliş hazırlamağa? Birincisi, reytinq problemin yoxdur, ikincisi isə müəllif hüququ. Hə, senzura var, amma senzura daxilində layihə işləmək çox asandır. Məsələn, alqoritm dərdi yoxdur, "izləyici bu verilişə neçə dəqiqə baxır" dərdi yoxdur, "klik reytinqi" dərdi yoxdur, "əhatə çevrəsi" dərdi yoxdur, cover və başlıq dərdi yoxdur, abunəçi dərdi yoxdur, layk və şərh dərdi yoxdur. Hələ çox dərdlər var, onları sadalasam nə çoxları başa düşəcək, nə də hövsələləri çatacaq.

Məsələn, mən bu gün hansısa artistimizdən danışanda onun musiqilərini, hansısa kinodakı epizodunu verə bilmirəm. Niyə? Müəlliflik hüququna görə xəbərdarlıq alaram və kanalım zərbə ala bilər. Amma TV-lər şellənir.

Məsələn, mən videonu videonu maraqlı etmək məcburiyyətindəyəm. Çünki maraqlı etməsəm, izləyici uzağı iki dəqiqə izləyəcək. İki dəqiqədən artıq izləməsə, youtube bu videonu geniş kütləyə çıxarmayacaq, izləyiciyə göstərilən reklamdan gələn gəlir çox aşağı olacaq. Nəticədə, yaxşı gəlir qazana bilməyəcəm.

Məsələn, izləyicini izləməyə vadar edən cover və başlıq seçməsəm, o, videoya daxil olmayacaq. Olmasa nə olacaq? Videonun klik reytinqi aşağı olacaq və yenə də video geniş kütləyə çıxçayacaq. Yəni baxışlar aşağı olacaq.

Məsələn, mən izləyiciyə "kanala abunə olun" deməsəm, videoda azı üç dəfə buni xatırlatmasam, bu, onun yadından çıxacaq. Nəticədə, o mənim daimi izləyicim olmayacaq. Olmayanda da, hazır kütləm az olacaq.

Məsələn, izləyici videoya şərh yazmasa, yenə youtube bunu belə başa düşəcək ki, video diqqətçəkən deyil. "Davay", bu video getdi arxaya. Nəticədə, yenə video az baxılacaq.

Və sairə və ilaxır.

Bu kimi dərdləri var TV-nin? Xüsusilə, Aztv-nin və Mədəniyyət TV-nin? Yoxdur! Ona görə iki aparıcı, bir aşıqla yola verə bilir Mədəniyyət TV. Bunların heç birindən asılı deyillər. Uzağı sponsor dərdi çəkərlər. O da ki, sponsorlar ölürlər TV üçün. TV adı gələndə hamısı əriyir. Allahın Dünya TV-sinin də sponsorları var.

Və bunlar youtube üçün işləyənləri ciddiyə almırlar. Hansı ki, mənim təkbaşına hazırladığım elə videolar var ki, TV-də işləyən hər adamın başı üçün deyil.

Operatorlar əlinizdə, maşın altınızda, hər yerdə yaşıl işıq, şellənirsiniz. Bir çönüb baxın dünyaya. Görün formatınız nə qədər ayaqlaşa bilir dünyayla?