Bəyənmək daha çox zahiri bir hissdir — ilk təəssüratla, görünüşlə, davranışla formalaşır. Kimsə səni güldürürsə, xoş görünürsə, marağını çəkirsə, bəyənirsən. Amma sevmək elə deyil. Sevmək zamanla baş verir, vərdişlə, paylaşmaqla, incikliklərlə sınaqdan keçir.

Bəyəndiyin biri ilə vaxt keçirdikcə, əslində onu sevib-sevmədiyini anlayırsan. Çünki bəyənmək asandır, keçicidir. Sevmək isə bir şey qurtaranda belə içində qalan hissdir. Bəyəndiyinə dərhal yaxınlıq hiss edə bilərsən, amma sevdiyini zamanla, kiçik detallardan, sükutdan tanıyırsan.

Ona görə də sevmək, bəyənməyin çox o tərəfində — daha dərin və daha səbirli bir bağdır.
Sevməklə bəyənmək arasındakı fərq elə metro ilə taksi arasındakı kimidi. Bəyənmək — gedəcəyin yerə ucuz və rahat çatmaq üçündü, çox da dərinə getmirsən. Sevmək isə tıxaclı yolda taksiyə minmək kimidi — əsəbiləşirsən, əsəbinə dəyir, amma düşmək də istəmirsən. Çünki artıq oturubsan, elə bil sənindi.

Bəyənəndə "aa bu qəşəngdi" deyirsən, sevməyə gələndə "yox e, mən bu olmadan yaşaya bilmirəm" deyirsən. Birində ürəyin gözüylə baxırsan, o birində isə gözünün ürəyi ilə.

Hə, fərq budu: bəyəndiyin çox ola bilər, amma sevdiyin adam az olur. Onu da düzgün seçməsən, axırda özünü də bəyənməməyə başlayırsan.